Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Bakının “İndiqo” uşaq bağçasında “Şən panda ilə Çinə səyahət” adlı maarifləndirici-əyləncəli tədbir keçirib.
"Unikal" xəbər verir ki, Konfutsi İnstitutunun əməkdaşı Firəngiz Mahmudzadə və “İndiqo” təhsil təşkilatının direktoru Ülviyyə Həsənova Çində uşaqların həyatından danışıb, çin xəttatlığı və kağızdan naxışlar - “Tszyançji” kəsmə dərsləri keçirib, uşaqlarla birlikdə çin gimnastikasının "Tay çi çuan" və çin xalq rəqsinin bəzi elementlərini öyrədib, çin ənənəvi geyimlərinin nümunələrini nümayiş etdiriblər. Tədbir zamanı çin musiqisi və mahnıları səsləndirilib, uşaqlar üçün əyləncəli müsabiqələr keçirilib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Konfutsi İnstitutunda azərbaycanlı məktəblilər üçün çin dili və mədəniyyəti kursları ilə yanaşı, uşaqlar üçün çin dili qrupları da təşkil olunur. Fərdi yanaşma əsasında məktəbəqədər uşaqlar üçün dərslər oynaq, interaktiv formada çin dilində keçirilir. Uşaqlar çin cizgi filmlərinə baxır, çin nağıllarına qulaq asır, ilk çin sözü və simvollarını öyrənir, bədii və emosional qavrayış yolu ilə çin dilini və mədəniyyətini öyrənirlər.