İcra nümayəndəsi başçını “yandıra” bilər
02:26 05-04-2012
İQTİSADİYYAT
İcra nümayəndəsi başçını “yandıra” bilər
Əlibala Əliyev təşviş içərsindədi, başçını iki gündür kabnetində görən yoxdur
Son günlər kiçik çaplı məmurların həbsi ilə bağlı xəbərlərin ard-arası kəsilmir. Bir neçə gün əvvəl Abşeronda bir bələdiyyə sədri və üzvünün həbs olunduğuna dair məlumatın gəlməsinin ardından dünən də başqa bir maraqlı həbslə bağlı bilgi yayıldı.
Həmin bilgiyə görə, Bakıda icra nümayəndəsi korrupsiya faktına görə saxlanılıb. Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı idarə tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Eldar Sultanov prokurorluq tərəfindən cinayət işi ilə bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcəyini də deyib.
Qeyd etmək yerinə düşər ki, yerli icra hakimiyyəti orqanlarında rüşvət və korrupsiya məsələləri kiçik məmurların çapında olan bir məsələ deyil. Onlar daha çox icraçı funksiyasını yerinə
yetirirlər və adətən bu cür halların bir ucu da həmin yerli icra orqanının rəhbərliyinədək uzanır.
Elə bunu nəzərə alaraq da artıq belə iddialar səslənməkdədir ki, saxlanılan icra nümayəndəsi Arzu Hadıyev öz icra başçısını da xoşagəlməz situasiya ilə üz-üzə qoya bilər. Söhbət Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibala Əliyevdən gedir.
Doğrudur, Əlibala Əliyev Bakının tək-tük rayon icra başçılarından biridir ki, mətbuatın gündəminə çox nadir hallarda gəlir. Haqqında çox az hallarda tənqidi materiallar yer alır. Amma icra nümayəndəsinin saxlanılmasının ardınca Sabunçunun icra başçısının da rayonda baş verənlərin diqqət mərkəzinə düşməsi baxımından digər "populyar" icra başçılarının sırasına qoşulması istisna edilmir.
Məsələ burasındadır ki, adətən hansısa kiçik məmur saxlanılarkən onun vəziyyətdən itkisiz çıxmaq, başı üzərindəki qara buludları dağıtmaq imkanı olmur. Həmin məmurun həbsi qaçılmaz reallığa çevrilir. Analoji situasiya ilə Arzu Hadıyevin də rastlaşacağını nəzərə alsaq, onun da xilas yolu üçün ənənəvi üsula əl atacağına şübhə yeri qalmır.
Söhbət kiçik məmurlar "ilişərkən" tabe olduqları rəhbər şəxsi özü barədə ittihamlara şərik edəcəkləri, onun azadlığa buraxılmasına yardımçı olmadığı təqdirdə, onun barəsində də "sandığı açıb pambığı tökəcəyi"nə yönəlik hədələrdən gedir. İstisna edilmir ki, istintaq zamanı Arzu Hadıyev Əlibala Əliyev haqqında müəyyən kompromatların ip uclarını versin və bununla da icra başçısına onun azadlığa buraxılmasını təmin etmək istiqaməçtində hərəkətə keçməyə məcbur eləsin.
Əgər icra nümayəndəsinin bu istəyi reallaşmasa isə həm istintaq, həm məhkəmə zamanı Arzu Hadıyevin icra başçısı haqqında maraqlı kompromatları tamamilə açıqlamaq ehtimalı yüksəkdir. Üstəlik, yayılan məlumatlarda Hadıyevin Əlibala Əliyevə kifayət qədər yaxın kadr olduğu vurğulanır. Bildirilir ki, hələ bir neçə il əvvəl də o, Maştağa qəsəbəsi üzrə Əlibala Əliyevin nümayəndəsi olub. Sonradan Əlibala Əliyev Arzu Hadıyevi Bakıxanov (keçmiş Razin) qəsəbəsinə nümayəndə təyin edib, bir müddət sonra isə yenidən Maştağa icra nümayəndəliyinin başına qaytarıb.
Təbi ki, Sabunçunun icra başçısı üçün Hadıyevin belə bir əvəzedilməz, vazkeçilməz kadr rolu oynamasının xüsusi səbəbləri olmamış deyil. Məsələn, Maştağada hektarlarla torpaq sahəsinin satılması və özününküləşdirilməsi prosesi barədə iddialar var, bu iddialar doğrudursa, o zaman icra başçısı ilə icra nümayəndəsi arasında xüsusi hörmətin səbəblərindən biri aydın olur.
Ümumilikdə isə həm Arzu Hadıyevin danışmaq ehtimalı, həm də başçı ilə nümayəndəsi arasındakı yaxınlığa dair səbəblərin Əlibala Əliyevə başağrısı yaratmaq riskini gücləndirdiyi mübahisəsizdir. Bu fərziyyələrin reallıqla nə qədər örtüşəcəyini isə əlbəttə ki, qarşıdakı zaman göstərəcək.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07