“Get, seçkilərdən sonra gəl...”
12:00 21-02-2013
CƏMİYYƏT
Bədrəddin Quliyev: “Müxalifət hesab edir ki, kimsə gəlib onun üçün demokratik mübarizə şəraiti yaradacaq”
Ölkə prezident seçkilərinə günbəgün yaxınlaşdıqca cəmiyyətin əhvali-ruhiyyəsində elə də ciddi bir gərginlik hiss edilmir. Düzdür, müxtəlif düşərgələrə məxsus olan ekspertlərin bir qismi vətəndaşların sosial gərginlik həddində yaşaması, digər qismi isə vətəndaşların hər şeydən son dərəcə razı olması barədə palazqulaq-palzqulaq açıqlamalar verirlər. Amma reallıq budur ki, Azərbaycan cəmiyyəti nə onlara inanar, nə də bu birilərinə... Cəmiyyət, sadəcə, gündəlik güzəranı ilə yaşamağındadır.
Etiraf edilməlidir ki, 2010-cu ilin parlament seçkilərindən dərhal sonra yaradılmış İctimai Palata cəmiyyətdə müəyyən ümidlər yaratdı. Amma bu ümidləri aylar və illər yenə də laqeydlik burulğanında dəfn elədi.
Nə baş verdi? Cəmiyyət bu qurumun çox saylı çağırışlarına niyə laqeyd qaldı.
Azərbaycan Cümhuriyyət Partiyasının sədri Bədrəddin Quliyevin “Unikal”a söylədiyinə görə, “İctimai Palata cəmiyyətin əhvali-ruhiyyəsini və sosial psixologiyasını duya bilmədi. Azərbaycan cəmiyyətindəki siyasi proseslərin dinamikası fərqli məcrada inkişaf edir. Hazırda Azərbaycan cəmiyyəti çox təzadlı və mürəkkəb bir mərhələdən keçməkdədir. Bu mürəkkəblik İctimai Palatanın da fəaliyyətində özünü büruzə verirdi. Yəni İctimai Palata da Azərbaycan reallığının məhsulu olduğuna görə cəmiyyətin axsaq tərəfləri onun iş prinsiplərində də təzahür edirdi. Yəni sözügedən qurum şəraiti dəyişdirmək baxımından özündə güc və potensial tapa bilmədiyindən sosial sifarişə çevrilə bilmədi. Nəticədə də onun cəmiyyətə ünvanlanmış çağırışları cavabsız qaldı. Bir təşkilat kimi bundan sonra İctimai Palatadan nəsə gözləməyinə dəyməz. Digər tərəfdən isə, bu qurum yaradılanda qarşısına məqsəd qoymuşdu ki, hazırkı parlamentin buraxılması istiqamətində fəaliyyət göstərəcək, amma sonradan maraqlar və hədəflər dəyişildi. Bu dəyişilmədə də qəribə və yaxud məntiqsiz heç nə yox idi və prinsipcə mümkündür. Lakin seçilmiş fəaliyyət forması və mübarizə üsulları göstərdi ki, taktika düzgün seçilməyib. Nəticəsi də bu oldu ki, İctimai Palata cəmiyyətin dəstəyini qazana bilmədi. Cəmiyyətin dəstəyini qazana bilməyən siyasi qurum isə istər-istəməz siyasi səhnədən çəkilməlidir və yaxud öz taktikasında, siyasi mübarizə üsullarında ciddi dəyişikliklər etməlidir. Amma biz İctimai Palatanın rəhbər qurumları tərəfindən belə addımların atılmasını görmədik. Bu da ona gətirib çıxartdı ki, İctimai Palata həm ölkə daxilində, həm də xarici dairələr tərəfindən heç bir dəstək qazana bilmədi. Daha dəqiqini desək, siyasi proseslərin subyektinə və tərəfdaşına çevrilə bilmədi. Görünür, bunu onlar da dərk etdiklərindən Azərbaycan müxalifətinin daha geniş formatda birləşdirilməsi zərurətindən danışmağa başlayıblar”.
Onun sözlərinə görə, “İctimai Palatanın liderləri son illərdə sərgilədikləri çabalarda ictimai dəstək qazana bilmədilərsə, çətin ki prezident seçkilərində də nəyəsə nail ola bilələr. Həm də bir məqam xüsusi vurğulanmalıdır: Azərbaycan cəmiyyəti siyasi proseslərə münasibət baxımından kifayət qədər laqeydləşib. Birinci növbədə çalışmaq lazımdır ki, cəmiyyət bu laqeydlik əhvali-ruhiyyəsindən qurtulsun. Fikrimcə, siyasi partiya yaxın və uzaq hədəfləri vəhdət halında götürməlidir. Müxalifət qurumları ancaq yaxın hədəflər uğrunda, həm də qeyri-adekvar üsullarla mübarizə apardıqlarına görə indiki duruma düşüblər. Müxalifət hesab edir ki, kimsə gəlib onun üçün demokratik mübarizə şəraiti yaradacaq. Və müxalifətin ən böyük zəifliyi də məhz buradan qaynaqlanır. Gözünü üfüqə dikən müxalifət isə rəqabətə davamlı struktur ola bilməz”.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50