Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutub.
İlk olaraq autsayder “Səbail”lə medallar uğrunda mübarizə aparan “Zirə” birincilərin meydanında üz-üzə gəlib. Bir gün əvvəl əsas rəqibləri “Qəbələ” və “Neftçi”nin qələbə qazanması “Zirə”ni də eyni nəticəyə vadar edirdi.
Görüşün taleyini bir qol həll edib. Qonaqlar fasilə ərəfəsində vurduğu yeganə top sayəsində qalib gələrək, bir gün əvvəl təhvil verdiyi üçüncü pillədəki mövqeyini geri qaytarıb. “Səbail” isə yenə sonuncu yerdən qurtula bilməyib.
Tur “ASK Arena”da yekunlaşıb. Lider “Qarabağ” aşağı sıralarda qərarlaşan “Keşlə”nin qonağı olub. Fevralın 11-də məhz bu arenada ölkə kuboku çərçivəsində rəqibinə 0:6 hesabı ilə uduzan “Keşlə” revanşı güclü rəqibini büdrətməklə alıb. Ağdam təmsilçisinin qolsuz bərabərə qalması rəqiblərinin bir qədər yaxınlaşmasına şərait yaradıb.
Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Neftçi” “Sabah”ı 1:0, “Qəbələ” isə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.