27 mart - Elm Gününə həsr edilmiş Elm festivalı 1-28 mart tarixinədək davam edəcək.
Universitetdən "Unikal"a verilən məlumata görə, festival çərçivəsində konfrans, kitab sərgisi, dəyirmi masalar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, master klasslar, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırmalar, treninqlər olmaqla 33 tədbir keçiriləcək.
Elm festivalının açılışında UNEC-in rektoru professor Ədalət Muradov və AMEA-nın müxbir üzvü, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, tanınmış ziyalı, professor Rafiq Əliyev iştirak ediblər.
UNEC rektoru professor Ədalət Muradov Elm Festivalının keçirilməsinin əsas məqsədinin elmin populyarlaşması olduğunu bildirib. Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və yeni hədəflərdən söz açıb. “UNEC Professoru”, “Gənc professorlar” layihəsi, “tədqiqatçı-müəllim” statusundan bəhs edən rektor, UNEC-in dünya səviyyəli universitet sırasına çıxmaq sahəsində böyük potensialının olduğunu, bu potensialın üzə çıxarılması üçün zəruri addımların davam etdiriləcəyini deyib.
Rektor elmin dəyərindən də söz açıb: “Prosesləri dəyişə bilməyən, cəmiyyətin davranışına təsir edə bilməyən elm gücsüzdür. Universitetlər elmin populyaşdırılması istiqamətində maarifləndirmə mərkəzi missiyasını öz üzərinə götürməlidir. Elmin nəticələri haqqında ictimaiyyət məlumatlandırılmalıdır”.
Tədbirin fəxri qonağı, tanınmış ziyalı, professor Rafiq Əliyev elmin populyarlaşmasının, gənc nəslə ötürülməsinin, elmə gənclərin daha çox cəlb olunmasının vacibliyindən danışıb. Professor elmin bəşəriyyətin inkişafındakı rolundan, eləcə də bəşəriyyətə vura biləcəyi zərərlərindən bəhs edərək, elmi əxlaqın vacibliyini önə çəkib.
Böyük maraqla dinlənilən çıxışlardan sonra professor Rafiq Əliyev sualları cavablandırıb.
Tədbir “Elm və sosial - iqtisadi inkişaf: Yeni cağırışlar, imkan və perspektivlər” mövzusunda plenar iclası ilə davam edib.
Plenarda Elm üzrə prorektor professor Sakit Yaqubov “Elm, texniki tərəqqi və iqtisadiyyat”, tədris üzrə prorektor dos. Gəray Musayev “Elm və təhsilin vəhdəti”, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı “Universitetlərdə beynəlxalq elmi əməkdaşlıq: imkanlar və perspektivlər”, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov “Müasir universitetlərdə elmi fəaliyyət: yeni cağırışlar və mürəkkəb vəzifələr” mövzularında çıxış ediblər.
Elm festivalının açılışı UNEC-in rəsmi facebook səhifəsində canlı yayımlanıb.