Müxalifət hələ də çək-çevir edir...
14:21 21-02-2013
CƏMİYYƏT
Sərdar Cəlaloğlu: “Müxalifət birlik qərarı verməkdə gecikdi”
Asəf Quliyev: “Heç zaman heç nə gec deyil”
Araz Əlizadə: “Azərbaycan müxalifətini təmsil edənlər ona görə birləşə bilmədilər ki, onların ambisiyaları ağıllarından çoxdur”
Görünən budur ki, mühüm həlledici siyasi hadisə ərəfəsində Azərbaycan müxalifətinin daxilində mərkəzdənqaçma meylləri güclənib. Bunun ilkin nümunəsini İctimai Palatanı təşkil edən iki əsas siyasi qurum – Müsavat və AXC partiyalarının qarşılıqlı münasibətlərində gördük. Necə deyərlər, birləşmənin ən çox aktuallıq kəsb etdiyi bir məqamda Müsavat Partiyası sadəcə AXCP-yə “atdı”: Müsavatın Divanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürüləcəyini bildirəndə...
Və bundan sonra İctimai Palata cəmiyyətin nəzərində sabun köpüyü kimi partladı və bu partlayışın səsini heç kim eşitmədi...
Bundan sonra müxalifət mənsubları birliyin daha geniş formatları barədə danışmağa başladılar...
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, “Müxalifət düşərgəsində mövcud durğunluğun səbəbi vaxtında lazımi qərarların qəbul olunmamasıdır. Müxalifətin birləşməsi, vahid komanda ilə çıxış etməsi, ölkə və beynəlxalq ictimaiyyətə konkret ismarışla yönəlməsi kimi qərarlar vaxtında qəbul olunmalı idi. Bundan sonra sadaladığım qərarlar qəbul olunsa belə, effekti yüksək olmayacaq. Çünki zaman siyasətdə çox önəmlidir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Asəf Quliyev “Unikal”a bildirdi ki, “Cəmiyyətdə gedən proseslərə ən müxtəlif baxımlardan yanaşmaq və ən fərqli qiymətlər vermək mümkündür. Hesab edirəm ki, Sərdar bəy yuxarıdakı fikirləri söyləyərkən məhz özünün baxış nöqtəsindən gördüklərini səmimi şəkildə ifadə edib”.
Sədr müavininin sözlərinə görə, “Heç zaman heç nə gec deyil. Azərbaycan cəmiyyəti son illərdə sosial-siyasi psixologiya baxımından dinamik və olduqca ziddiyyətli bir inkişaf yolu keçib və ölkədəki reallıq hər an dəyişə bilər. Siyasi proseslər hazır nəzəri sxemlər, elmi-fəlsəfi konsepsiyalar üzərində qurulmur, cəmiyyətin gündəlik, həftəlik, aylıq reallıqları əsasında nizamlanır. Bu baxımdan yanaşanda biz AXCP olaraq Azərbaycan müxalifətinin mövcud inteqrativ durmu ilə kifayətlənmək niyyətində deyilik və daha geniş formatda işbirliyinə nail olmağa çalışacağıq. Hazırda ölkədə baş verən siyasi-sosial proseslər bir daha göstərir ki, siyasi mübarizəni genişləndirməyin ən müxtəlif formaları və ən müxtəlif formatları baş tuta bilər”.
Asəf Quliyev hesab edir ki, seçkidən seçkiyə cəmiyyətin səviyyəsi və siyasi psixologiyası dəyişimlərə məruz qalır. İndiki Azərbaycan cəmiyyətini, 2003, 2005, 2008 və 2010-cu illərin cəmiyyətləri ilə müqayisə etmək düzgün olmazdı. Və uyğun olaraq dünya dövlətlərinin də göstərdiyim illər ərzində Azərbaycana fərqli yanaşması olub. Buna görə də hesab edirəm ki, bizi qarşıdakı aylarda çox maraqlı sürprizlər gözləyə bilər”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin “Unikal”a söylədiyinə görə, “Azərbaycan müxalifətini təmsil edənlər ona görə birləşə bilmədilər ki, onların ambisiyaları ağıllarından çoxdur. Başqa sözlə, bu müxalifət lap əvvəldən ona görə meydana çıxıb ki, heç vaxt birləşməsin. Və Azərbaycanın ən yeni tarixində həmişə belə də ediblər. Kritik məqamlarda həmişə meydandan qaçıblar və yaxud da elə dezinteqrativ qərarlar qəbul ediblər ki, cəmiyyətə ziyan vurublar”.
Partiya sədrinin sözlərinə görə, “Onlar elə hey cəmiyyətin və xalqın haqqının tapdalanmasından danışırlar, amma bu cəmiyyətin naminə şəxsi ambisiyalarından vaz keçməyi bacarmırlar. Belə olan halda cəmiyyət onlara inanarmı? Mən də hesab edirəm ki, müxalifət indiki birlik formalarından artığına nail ola bilməyəcək”.
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00