Ukrayna əsilli amerikalı aktrisa Mila Kunis və əri Eşton Katçer ukraynalı qaçqınlara 3 milyon dollar bağışladıqlarını açıqlayıblar.
"Unikal" xəbər verir ki, Kunis və həyat yoldaşı Katçer sosial media hesablarında mövzu ilə bağlı ortaq video paylaşıblar.
Videoda özünü ukraynalı və amerikalı kimi təqdim edən Mila Kunis, "1983-cü ildə Ukraynanın Çernovtsi şəhərində anadan olmuşam, 1991-ci ildə Amerikaya gəlmişəm. Özümü həmişə amerikalı kimi görmüşəm. Ancaq mən heç vaxt ukraynalı olduğum üçün indiki qədər fəxr etməmişəm", - deyə ifadə edib.
Katçer ukraynalı ilə evli olmaqdan qürur duyduğunu vurğulayaraq, "Ukraynada baş verən hadisələr olduqca sarsıdıcıdır. Bu dünyada insanlığa qarşı bu cür ədalətsiz hücumlara yer yoxdur", - deyib.
Bölgəyə humanitar yardım səylərini dəstəkləmək üçün ianələr topladıqlarını ifadə edən Katçer "Hazırda ən böyük problem logistikadır. Bölgəyə yaşayış, təchizat və qaynaq təmin etməliyik", - deyə bildirib.