Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S. Xəlilovun külli miqdarda ziyan vurmaqda dələduzluq etməkdə təqsirli bilinməsini və 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. S. Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Ötən ilin dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədiklərinə görə onlar haqqında axtarış elan edilib, hər ikisi həbs olunub. Bundan sonra Qulu Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S. Xəlilov hazırda tək mühakimə olunur.
S. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, S. Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.