Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir görüşü keçirilib.
"Unikal" xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Keşlə" "Sabah"ı qəbul edib. "ASK Arena"dakı görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Zurab Oçiqava vurub.
Matçın ikinci hissəsi qonaq komandanın qapıçısı Səlahət Ağayevin formasındakı qüsura görə gec başlayıb. Oyunun baş hakimi Vüqar Həsənli fasilədən sonra meydana çıxmağa hazırlaşan 31 yaşlı qolkiperi paltardəyişmə otağına göndərib. Bu üzdən oyun təqribən 10 dəqiqə gec start götürüb.
49-cu dəqiqədə "Keşlə"nin hücumçusu Natan Oduva zədələnərək meydanı tərk edib. Onu Amil Yunanov əvəzləyib. 57-ci dəqiqədə isə "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov ciddi zədə alıb. Top uğrunda mübarizə zamanı rəqib futbolçu Sadio Tounkaranın ayağı 27 yaşlı oyunçunun sifətinə dəyib. Camalov ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onun yerinə isə Kamran Quliyev meydana daxil olub.
Qarşılaşmanın 62-ci dəqiqəsində insident baş verib. Səlahət Ağayev komanda yoldaşı Boyan Letiçin ayaqla ötürdüyü topu əlinə götürüb. Bu səbəbdən oyunun baş hakimi Vüqar Həsənli cərimə zərbəsi təyin edib. Qərardan narazı qalan "Sabah"ın məşqçilər heyəti referiyə sərt etiraz edib. Qapıçılar üzrə məşqçi Vitali Kovalyov hakimlər briqadasına "Korsunuz" dediyi üçün ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulub. Baş məşqçi Murad Musayev isə "sarı" ilə cəzalandırılıb.
Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Sabah" 5-ci pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Sumqayıt"a 1:0, "Neftçi" isə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.