Azərbaycanda avtobusla qatarın toqquşması, 6 nəfərin ölümü, 47 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı məhkəmə başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub İsmayılov və Fərid Ağayevin cinayət işi üzrə məhkəmə başlayıb.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bildiklərini deyiblər.
Proses fevralın 27-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən dərhal sonra cinayət işi başlanılıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
