Eks PSJ futbolçusu Jerom Rothen komandanın hücumçuları Lionel Messi və Neymar haqda sərt fikirlər səsləndirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Paris təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasının səbəbkarının sözügedən oyunçular olduğunu deyib: "Onlar məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Messi və Neymar klubun əsas fiqurlarıdır. Leonardo bunun üçün onları aldı. "Real"la iki matçda da təhlükə yaradan tək futbolçu Kilian Mbappe idi. Messinin etdikləri saxtakarlıqdır. Onun üçün bunları söylədiyimə təəssüflənirəm, amma həqiqət budur.
Digəri (Neymar - red) bütün topları itirdi. Digəri deyirəm, çünki adını belə söyləmək məni narahat edir. O, PSJ-dəki oyunçuların 50 faizindən daha pisdir".
Qeyd edək ki, PSJ cavab görüşündə "Real"a 1:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.