Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyev və federasiyanın Bakı ofisinin əməliyyat rəhbəri Tiffani Laakla görüşüb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında qonaqlara ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Ölkəmizdə sosial siyasətin prioriteti kimi qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı görülmüş işlərdən danışılıb.
Dünyanın ən nüfuzlu humanitar təşkilatı kimi IFRC-nin Birinci Qarabağ müharibəsi dövründə, Ermənistanın hərbi təcavüzü nəticəsində xalqımızın üzləşdiyi çətinliklərin aradan qaldırılmasına dəstək və köməklik göstərməsi, sonrakı dövrdə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə əməkdaşlıq şəraitində məcburi köçkünlərlə bağlı layihələrin icrasını davam etdirməsi razılıq hissi xatırlanıb.
Beynəlxalq qurumun rəsmiləri - Davron Mühəmədiyev və xanım Tiffani Laak səmimi qəbula görə təşəkkür bildirib, IFRC-nin ölkəmizdə öz mandantına uyğun olaraq həyata keçirdiyi fəaliyyətin əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı görə biləcəyi tədbirlər, həmçinin yeni situasiyada Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.