Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
"Unikal" xəbər verir ki, qitə birinciliyinin altıncı günündə son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Təmsilçimiz Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb - 12:2. C.Hacıyev dörddəbir finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib ayrılıb – 4:3. Güləşçimiz yarımfinalda Türkiyə təmsilçisi İsmet Çiftçi ilə qarşılaşacaq.
Abubakr Abakarov (86 kq) startda bolqarıstanlı Xristo İliyevə vaxtından əvvəl qalib gəlib - 10:0. A.Abakarov dörddəbir finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub - 6:0. Təmsilçimiz yarımfinalda türkiyəli Emre Çiftçiylə üz-üzə gələcək.
Milli komandamızın üzvü Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə Albaniya güləşçisi Emiyano Onuziyə vaxtından əvvəl qalib gəlib - 10:0. Ancaq həmyerlimiz dörddəbir finalda gürcüstanlı Daviti Koquaşviliylə bacarmayıb - 2:13.
Mübarizəyə dörddəbir finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb - 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə münasibətləri aydınlaşdıracaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.