Ağdaş rayonunda meliorativ tədbirlər davam edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Ağdaş rayonunda meliorativ tədbirlər uğurla davam edir. Rayonda yaşayan su istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Ağdaş Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində çalışır. Əkin sahələrinin suvarılması üçün 19100 km-dən artıq suvarma kanalının və 1900 km-dən artıq kollektor drenaj şəbəkəsinin istismarı təşkil olunur, həmin kanallar üzərində olan qurğularda təmir işləri aparılır. Ötən il idarə tərəfindən bütün əkin sahələrinin suvarma işləri başa çatdırılıb. Bu il də bu sahələrin suvarılması planlaşdırılır ki, hazırda əkilmiş 15115 hektar sahənin birinci suvarılması yekunlaşıb. İdarənin balansında olan kanalların 1600 km-i torpaq məcralı, 393 km-i isə beton üzlüklü kanallardır. 2021-ci ildə Qaraoğlan beton üzlüklü kanalının 1 km-lik yararsız hissəsi bərpa olunaraq yenidən su istifadəçilərinin ixtiyarına verilib. Təmirdən öncə kanalın həmin 1 km-lik yararsız hissəsində su itkisi 40 faizə qədər olub. Ağdaş Suvarma Sistemləri İdarəsinin əsas arteriyalarından biri də sağ sahil magistral kanalıdır. Uzunluğu 1000 km-dən artıq olan kanal 18.000 hektara yaxın sahənin suvarılmasını təmin edir. Suvarma kanallarında təmir işlərinin aparılması su itkisinin qarşısının alınması ilə yanaşı fermerlərin işini daha da asanlaşdırır.
İdarənin xidməti ərazisində 39 ədəd nasos stansiya var. Bu nasos stansiyaların hər biri hazırda işlək vəziyyətdə saxlanılır. Artıq təmirə ehtiyacı olanlardan 3 ədədi təmir olunaraq yararlı hala gətirilib. Bundan başqa elektrik və üzən nasosstansiyalar da əsaslı və cari təmir olunur ki, qarşıdan gələn suvarma mövsümünə tam hazır olsun. Həmçinin kanallar və hidrotexniki qurğularda da təmir işləri görülür. Ağdaş Suvarma Sistemləri İdarəsinin əsas funksiyalarından biri də torpaq məcralı kanalların lildən təmizlənməsini həyata keçirməkdir. Bu işlər kanallarda mütəmadi olaraq davam etdirilir. Bir çox kəndin ərazisində yekunlaşan işlər hazırda Zeynəddin, Yanarx və Ləki ərazisində aparılır. Eyni zamanda Mürsəl kəndində, Hapıtlı kəndində və Yenicə kəndində olan kollektorlar da lildən tam olaraq təmizlənib. Bunun nəticəsində işlər ərazidə olan torpaqların şoranlaşmasının qarşısı alınır.
Bildirək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi Ağdaş rayonun 36550 hektar əkin sahəsinə xidmət edir. Suvarılma öz axımı və mexaniki üsulla aparılır. Əsas su mənbələri isə Türyançay, Kür çayı və Yuxarı Şirvan kanalıdır.