"Azərsu" ASC Bakının Suraxanı rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkar edib.
Bu barədə "Unikal"a qurumdan bildirilib.
Məlumata görə, Qaraçuxur qəsəbəsinin Əhməd Mehbalıyev küçəsində fəaliyyət göstərən “Fiday” təhsil mərkəzinin içməli su və kanalizasiya sistemlərinə baxış keçirilərkən məlum olub ki, obyekt kommunikasiya sistemlərinə qanunsuz qoşulub. Başqa sözlə, obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib.
Dədə Qorqud qəsəbəsi yaxınlığında isə böyük ərazidə əkin sahəsinin qanunsuz çəkilmiş xətlə suvarıldığı aşkar olunub. Bu barədə məlumat daxil olan kimi, dərhal əraziyə baxış keçirilib. Məlum olub ki, 400 mm diametrli magistral xəttin qamışlıq ərazisindən keçən hissəsindən 32 mm diametrli borularla gizli yolla çəkilmiş su xətləri ilə əkin sahələri suvarılırmış.
Rayon ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsində də qanunsuz istifadənin qarşısı alınıb. Ötən müddətdə Hövsan, Suraxanı və Zığ qəsəbələrində fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmaqla sudan sayğacdankənar istifadə edilblər. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
“Azərsu” vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Bu ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 1 291 fakt aşkarlanıb. Həmin hallar üzrə 344 min kubmetr həcmində sərfiyyat bərpa olunub. İlin əvvəlindən Suraxanı rayonunda aşkarlanmış 26 qeyri-qanuni istifadə faktının aşkarlanması nəticəsində 6 min kubmetr sərfiyyat bərpa olunub" - deyə məlumatda qeyd edilib.