Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Unikal" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İmran Ağayev son söz deyib. Sabiq baş həkim özünü ittihamlarda təqsirli bilməyib və məhkəmədən bəraət istəyib.
Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İmran Ağayev 8 il 3 ay azadlıqdan məhrum edilib.
Həmçinin, İmran Ağayevin 3 il dövlət orqanlarında vəzifə tutması qadağan edilir, Rüfət Vəlizadə 3 il dövlət orqanlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 1 ay, Taleh İmanlı 3 il dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, məhkəmə istintaqı zamanı polis nəzarəti altında olan Qulu Orucov isə 2 il dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə İmran Ağayevin 9 il, Rüfət Vəlizadənin 8 il 6 ay, Taleh İmanlının 8 il, Qulu Orucovun isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.