Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunub.
Həmin şəxs ifadəsində narkotik vasitəni qeyd edilən qəsəbədə yaşayan Mehman adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirinin davamı olaraq Hökməlidə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehman Səfərov da tutularaq Polis Bölməsinə gətirilib.
Onun üzərinə və yaşadığı evə baxış zamanı külli miqdarda narkotik vasitə olan satış üçün qablaşdırılan marixuana aşkar edilib.
Mehman Səfərov ifadəsində bir müddətdir ki, Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Qobu Polis Bölməsinin əməkdaşlarının Hökməlidə həyata keçirdikləri digər bir tədbir zamanı qeyd edilən qəsəbə ərazisində narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Şahin Mədətov saxlanılıb.
Onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, Şahin Mədətov narkotik maddələrin satışını Hökməli qəsəbəsində yerləşən qəbirstanlığın ərazisində həyata keçirib.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotiklərin satışını təşkil edən Mehman Səfərov və Şahin Mədətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.