Böyük Britaniyanın baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının Yaz Konfransındakı çıxışında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.
"Unikal" xəbər verir ki, İngiltərənin Ukrayna ilə həmrəy olduğunu ifadə edən Conson, “Ukrayna xalqının yanındayıq və qəlbimiz də onlarladır. Bu ölkədə on minlərlə insan evlərini Ukrayna xalqının üzünə açır. Ukraynanın qəhrəmancasına müqavimətinin davam etdiyi hər gün Putinin dəhşətli səhvə yol verdiyi bəlli olur” , - deyə bildirib.
Consonun sözlərinə görə, Rusiya lideri Putin Ukraynanın azad və demokratik idarəetmə tərzi onu narahat etdiyi üçün Ukraynaya hücum etmək qərarına gəlib.
“Niyə Putin bu tamamilə günahsız ölkəni işğal etmək qərarına gəldi? Çünki o, Ukraynanın tezliklə NATO-ya üzv olacağına inanmırdı. O, yaxşı bilirdi ki, Ukrayna torpaqlarında raket yerləşdirmək planları yoxdur. O, rus xalqının mənşəyi haqqında yazdığı yarı mistik cəfəngiyyatlara həqiqətən də inanmırdı. Düşünürəm ki, o, Ukraynadan tamamilə başqa səbəbdən qorxurdu. O, bunu Ukraynada azad mətbuat və azad seçki olduğu üçün edib”.