Qarşıdan gələn “isti yay”ın sərin hənirtisi
10:50 22-02-2013
CƏMİYYƏT
Və yaxud İctimai Palatanın mitinq hazırlıqları barədə bir-iki mübarəkləmə…
Ötənlərdə oxuduğunuz yazılarımızın birində bu il bizi “isti yay”ın gözlədiyi barədə yazmışdıq. Və söhbətləşdiyimiz politoloqlar, analitiklər də bu ifadənin tutumu ilə razılaşdıqlarını bildirmişdilər. Və onlar hesab edirlər ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycanın gələcək taleyi və inkişaf perspektivləri baxımından böyük önəm kəsb edə biləcəyi üçün bir çox daxili və xarici qüvvələr bu hadisədən maksimum şəkildə qazanc əldə etməyə cəhdlər göstərəcəklər.
Və göstərirlər də…
Məsələn, müxalifət qüvvələrinin toplaşdığı İctimai Palata Bakıda etiraz aksiyaları ilə bağlı qərar verməyə hazırlaşır. Müsavat başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı bildirib ki, “Kütləvi aksiyalarla bağlı məsələ müzakirə olunur, yaxın günlərdə yeni aksiyamızın vaxtı haqqında məlumat verəcəyik. Heç bir halda kütləvi aksiyalar dayandırılmayacaq. Cərimələr bizi yolumuzdan döndərməyəcək, etiraz aksiyalarımızı davam etdirəcəyik. Hələlik bu istiqamətdə müzakirə aparıb, aksiyanın vaxtını və yerini müəyyən edəcəyik”.
Hazırda yeni aksiya ilə bağlı müzakirələrin getdiyini deyən G.Aslanlı bildirib ki, müxalifət nümayəndələrinə qarşı külli miqdarda cərimələrin tətbiq olunmasına baxmayaraq İctimai Palata prezident seçkilərinə doğru silsilə etiraz aksiyalarını davam etdirəcək.
“Sadəcə yanvar ayında keçirilən ilk aksiyada tətbiq olunan cərimələrlə əlaqədar qeyri-qanuni olaraq məhkəmə icraçılarının müxalifət nümayəndələrinin mənzillərinə girməsi və bu kimi hallar var ki, müəyyən qədər aksiya məsələlərinin müzakirə olunmasına gətirib çıxardır”.
Biz sadə mətbuat mənsubu və sıravi vətəndaş kimi inanırıq ki, İctimai Palatanın başbilənləri bu dəfəki səylərində və niyyətlərində yenə də səmimi və ardıcıldırlar.
Amma səmimiyyət və ardıcıllıq siyasi proseslərdə, xüsusən də cəmiyyətin taleyüklü problemlərinin müqabilində çox zəif siyasi kapitaldır. Yəni həlledici və xal qazandıran motivlər deyil. Ən azından ona görə ki, Azərbaycan cəmiyyəti eyni ideyaları, eyni mitinq şüarlarını eşitməkdən usanıb, qulağı döyənək olub... Usanıb və bir daha eşitmək istəmir.
Yeni mitinqlər təyin etməyin, cənab bəylər! Yeni siyasi mübarizə üsulları axtarın, yeni düşüncə tərzinə yiyələnin…
Tanınmış politoloq Ərəstun Oruclunun “Unikal”a bildirdiyinə görə, “Müxalifətin indiki durumunda optimist ola bilmirəm. Çünki bu müxalif birliklərin hamısında eyni mahiyyət kəsb edən fəaliyyət görürük və bunun da bir xeyli səbəbləri var. Mən hesab edirəm ki, bizdəki bütün siyasi qurumlar böhran içindədir. Siz dediyiniz müxalifət birlikləri olsun və yaxud iqtidar partiyası, fərq etməz, İctimai Palata da daxil olmaqla hamısı ciddi bir böhran yaşamaqdadır. Dediyim kimi, bu böhran iqtidar partiyasından da yan keçməyib, çünki hamısı eyni sistemin daxilindədir. Sistem yoxdursa, onun elementləri də yoxdur”.
Politoloqun fikrincə, “On-on beş ildir ki, Azərbaycan müxalifətinin əsas sloqanlarına, şüarlarına diqqət yetirsək, görərik ki, heç nə dəyişilməyib. Nədi bu şüarlar? “Demokratiya, azadlıq, azad seçki, insan hüquqları, istefa” və s. və i.a. Bilirsiniz, Azərbaycan müxalifətinin on beş il ərzində eyni pafosla təkrar etdiyi bu şüarlar Azərbaycan əhalisinə heç nə demir. “Azad seçki” deyəndə sıravi vətəndaş düşünür ki, “Bunlar yenə də hakimiyyət davası edirlər! Azad seçki keçirin, mən udum, gəlim hakimiyyətə! Sən deputat və ya prezident olacaqsan, bəs mənim üçün nə dəyişiləcək?” Vətəndaş ona təklif ediləni müxalifətin bu şüarlarında görmür. “İstefa!” şüarı yenə də sıravi vətəndaşın şüurunda həmin fikri doğurur: “Sən hakimiyyətdən get, mən gəlim sənin yerinə”. Və məsələnin bu tərəfini də nəzərdən qaçırmayaq ki, bu hakimiyyət dəyişmələrindən, loru dildə desək, insanların da “əli yanıb”. Bu günəcən Azərbaycanda mövcud olmuş heç bir hakimiyyət insanların sosial durumunu yaxşılaşdırmayıb. Ona görə də Azərbaycan insanı hakimiyyətin dəyişməsi ilə nəyinsə müsbətə doğru dəyişəcəyinə inanmır. Beləliklə də, cəmiyyət özü özünü siyasətdən kənarlaşdırıb və siyasətçilər də bu meydanı tərk ediblər. Sanki ortada kiçik bir meydança qalıb və siyasətçilər öz aralarında oynayırlar. Bununla belə, tamaşaçı yoxdur, azarkeş yoxdur. Ona görə deyirəm ki, birinci növbədə hədəflər müəyyənləşməlidir. Konkret şəkildə aydın olmalıdır ki, müxalifət əhalinin maraqlarını ifadə edir. Bu gün əhalinin böyük əksəriyyətini nədir narahat edən? Bu, demokratiya deyil və bunu etiraf etmək lazımdır. Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil. Çünki bu cəmiyyət başqa şeylər tələb edir. Cəmiyyət sosial problemlərin, korrupsiyanın, işsizliyin aradan qaldırılmasını tələb edir”.
Digər Xəbərlər
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00