Əvvəlcədən xəbər verildiyi kimi mart ayının ikinci ongünlüyündə ölkə ərazisində hava şəraiti yağıntılı keçib. Düşən yağıntının miqdarı bəzi rayonlarda aylıq normadan çox olub.
Bunu "Unikal"a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 90 sm, Surrada 120 sm, Şirvanda 112 sm, Salyanda 147 sm, Bankədə 33 sm, Araz çayının Novruzlu məntəqəsində isə 57 sm çox olub".
Xidmət rəsmisi bildirib ki, eyni zamanda, çayda suyun həcmi orta hesabla 3,5 dəfə artıb.
"Kür çayının aşağı axınında suyun həcminin xeyli artması nəticəsində çayda duzluluq azalaraq norma daxilində olub. Belə ki, martın 22-də növbəti monitorinq zamanı çaydan götürülən su nümunələrinin analizi göstərib ki, çayda duzluluq Ərəbqardaşbəyli, Surra, Qədimkənd, Xıllıda- 0.6 q/l, Mayakda isə 0.9q/l təşkil edib.