Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisə, idarə və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.
"Unikal"xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları”nda əksini tapıb.
Qərara əsasən, sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılır.
Sudan istifadə haqqı (tariflər) və sudan istifadə haqqının (tariflərin) yuxarı həddi bu Qaydalarda nəzərdə tutulan təyinatlar və respublika üzrə illik su təsərrüfatı balansının müvafiq göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaq.
Sudan istifadəyə görə ödəniş təchiz edilən suyun həcmi nəzərə alınmaqla, təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanır.
ETSN, FHN, “Azmelsutəsərrüfat” ASC və “Azərsu” ASC uçot üzrə məlumatlarını aidiyyəti üzrə “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edirlər və həmin məlumatların mütəmadi yenilənməsini təmin edirlər.
Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla bələdiyyə aktları ilə müəyyən edilir.
Bələdiyyə mülkiyyətində olan su obyektlərində sudan istifadə haqqı bələdiyyələr tərəfindən müəyyən edilir.
Xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanılmış müqavilə əsasında müəyyən edilir.
Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər.
Torpaq sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.
Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir.
Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.