Azərbaycan dövləti ərzaq təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər həyata keçirməkdədir.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyi dünya ölkələrini narahat edən əsas məsələlərdən biridir:
"Müharibələr, iqlim dəyişikliyi və təbii hadisələr dünya ölkələrini ərzaq problemini daha ciddi aradan qaldırmağa vadar edir. Bu istiqamətdə bir çox tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib. Azərbaycan da bu məsələlərdən kənarda qala bilməz. Sözsüz ki, bu problemləri biz də yaşayırıq. Lakin, ölkənin təbii şəraiti, sabitlik, sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər ölkə vətəndaşlarını ərzaqla imtahana çəkməyib. Bu gün müəyyən ehtiyatlarımız var. Amma bununla kifayətlənmək olmaz".
Deputat qeyd edib ki, biz bir çox ərzaq məhsullarını əsasən Rusiya və Ukraynadan idxal edirik:
"Məlum olduğu kimi, həmin ölkələr müharibə şəraitindədir. Bu ölkələrin özündə ərzağa tələbat artıb. Demək olar ki, idxal məsələləri çətinləşib. Bu, son zamanlar özünü aydın şəkildə göstərir. Un və un məmulatlarının qiymətinin artması, bitki yağlarının qiymətində baş verən dəyişikliklər göstərir ki, mühüm qabaqlayıcı tədbirlər görməliyik. İki milyon tona yaxın buğdanı özümüz istehsal edirik, amma tələbat 3,4 milyon tondan çoxdur. Qalan 1 milyon 400 min ton taxılı kənardan idxal edirik. Ona görə mütləq ölkədə taxıla olan tələbat ödənilməlidir. Məhsuldarlıq, sahələrin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi hesabına bunu təmin etmək olar. Digər məsələlərdə də qabaqlayıcı tədbirlər görülməlidir. Artıq bu istiqamətdə addımlar atılır. Nazirlər Kabinetinin qərarı var ki, ölkədən xaricə ixrac olunan ərzaq məhsulları dəqiqləşdirilsin, müvafiq orqanlar bu barədə məlumatlandırılsın. Həmçinin, ərzaq məhsullarının kütləvi halda ölkədən çıxarılması məhdudlaşdırılır. Bu onu deməyə əsas verir ki, vətəndaşlarımızın ərzağa olan tələbatının ödənilməsi ilə əlaqədar hökumətin təklifləri diqqət mərkəzindədir".
Anar Kəlbiyev