Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib.
Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar.
Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək.
Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz əkinlərini bəyan etməsi kifayətdir.
Eyni zamanda pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, xam pambığın alış qiyməti bu il də 50 manat artırılıb. Bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar.
Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.
Qeyd edək ki, aprel ayının ikinci ongünlüyündən başlayaraq pambıqçılıq rayonlarında çiyid səpininə start veriləcək.