Aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak ediblər.

Qeyd edək ki, təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək.

***13:13

Bu gün əlamətdar hadisə baş verəcək. Luici Di Maionun Azərbaycana səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, dövlət başçılarımızın razılaşmalarına uyğun olaraq müəyyən bir dövrdə İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə dair hazırlıq işləri aparılırdı.

“Hər iki ölkənin nazirlikləri, Azərbaycan tərəfindən ADA Universiteti və İtaliyanın 5 aparıcı universiteti hazırlıq işlərində iştirak edirdi. Hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Bu, bir tərəfdən həm təhsil sahəsində əməkdaşlıq, eyni zamanda, iqtisadi sahədə qurulan əməkdaşlıq istiqamətində yüksəkixtisaslı kadrların hazırlığı deməkdir. Bunu daha geniş məfhumda götürsək insanların bir-biri ilə əlaqəsi və dostluğa töhfə verən önəmli bir layihə kimi dəyərləndirmək olar”, -deyə C.Bayramov vurğulayıb.