Rusiya hərbi qüvvələrinin çəkilməsindən sonra Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzərində Ukrayna bayrağı qaldırılıb.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Energoatom” dövlət şirkətinin “Telegram” hesabında yaydığı bəyanatda bildirilib.
“Bu gün, 2 aprel saat 11:00-da Ukrayna himni oxunaraq Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb. Çernobıl AES-in fevralın 24-də işğal başlayandan ağır şərtlər altında qəhrəmancasına çalışan, stansiyada və yaxınlıqdakı müəssisələrdə nüvə və radiasiya təhlükəsizliyini təmin edən bütün heyəti mərasimdə iştirak edib”, - bəyanatda qeyd olunub.
Əlavə olunub ki, AES-i ələ keçirən Rusiya hərbçiləri iki kolon şəklində Ukrayna-Belarus sərhədinə hərəkət ediblər.
Qeyd edək ki, AES və ətrafındakı ərazilər fevralın sonlarında Rusiya qoşunlarının nəzarətinə keçmişdi.