Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq.
Bu barədə "Unikal"a nazirlikdən bildirilib.
Aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar olacaq. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.