Sumqayıtda "həlledici döyüş" başladı
Sumqayıtda "həlledici döyüş" başladı

Eldar Əzizovun tapşırığı ilə yol kənarındakı marketlər söküləcək

Ölkənin aparıcı şəhərlərindən biri olan Sumqayıtda yenidən vəziyyət pisləşməyə başlayıb. Bir müddət əvvəl xəbər vermişdik ki, icra başçısı Eldar Əzizovun göstərişi ilə şəhərdəki bütün ticarət və iaşə obyektlərinin qarşısına şərtt qoyulub. Həmin şərt də ondan ibarətdir ki, ya icra başçısının adamları olan tikinti materialları satan şəxslərdən alkapon almalı, ya da onların obyektlərinin söküləcəyi idi. Vəziyyətin ağırlığnı görən sahibkarlar isə mümkün qədər tələblərlə razılaşır və onların dediyini həyata keçirirdilər.

Amma görünən budur ki, Eldar Əzizov fəaliyyətini bununla yekunlaşdırmaq fikrində deyil. Belə ki, Sumqayıtdakı əsas gəlirli sahələri ələ keçirmək üçün xeyli əvvəldən baş sındıran icra başçısı artıq əlverişli məqamın yarandığı qənaətindədir. Birinci həmlədə kiçik və orta səviyyəli ticarət və iaşə obyektlərinin qarşısında "şərt" qoymağı bacaran Əzizov, bu dəfə daha böyük pullar üçün mübarizə apardığını nümayiş etdirir.
Verilən məlumata görə, icra başçısının tapşırığı ilə yol kənarında yerləşən marketlər də sökülməlidir. Hərçənd həmin market sahibləri bir müddət əvvəl Əzizovun adamları ilə anlaşaraq, problemlərdən xilas olduqlarını düşünürdülər. Lakin bunun tam tərsi baş verdi və bir çox sahibkar aldadıldığının fərqinə varıb.
Mənbə bildirir ki, Sumqayıtda əhalinin gur olan yerlərinə yaxınlıqdan keçən yolların kənarındakı marketlərin artıq siyahısı hazırdır. Onların kimə məxsus olduğu, kimin kimləri himayə etməsini göstərdiyi iddia edilən məlumatlar isə cəmləşdikdən sonra konkret addım atılacaq.
Bildirək ki, Sumqayıtda belə ticarət obyektlərinin sayı heç də az deyil.
Onların aylıq dövriyyələri isə milyonlarla manatla ölçülür. Belə olan halda, bu cür gəlirli sahənin əldən çıxarılmaması üçün mübarizə aparmağın vacibliyini icra başçısı anlayıb. Ona görə də, adamlarına göstəriş verib ki, yolkənarında ticarətlə məşğul olan marketlərin bağlanılması istiqamətində addımlar atılmalıdır.
Bu şəhərə bələd olanlar isə deyirlər ki, Eldar Əzizovun atdığı bu addım daha çox "həlledici hücum" məqsədi daşıyır. Belə ki, indiyə qədər Sumqayıtda iri oliqarxlar və yerli məmurlar əsas gəlirli sahələrə nəzarət edirdisə, bundan sonra icra başçısı həmin funksiyanı həyata keçirməlidir.
Maraqlı məqam odur ki, icra başçısı bu addımı atacağı təqdirdə bir neçə nəfərlə üz-üzə qalmalı olacaq. Onlardan biri Sumqayıtın keçmiş meri, hazırda isə Mədəniyyət və Turizm nazirinin müavini postunda çalışan Vaqif Əliyevdir. Çünki Əzizovdan qabaq şəhərə başçılıq etmiş sözügedən şəxsin hazırda orada xeyli sayda ticarət obyektləri fəaliyyət göstərir. Belə olan təqdirdə, söküntülər zamanı onun da obyektlərinin zərər görəcəyi şübhəsizdir. Əlbəttə ki, Vaqif Əliyev bununla barışmayacaq və mümkün təsir imkanlarından yararlanmağa çalışacaq. O zaman tərəflərin üz-üzə gəlməsi qaçılmazdır ki, bu prosesdə Eldar Əzizovun əlindən əziyyət çəkmiş digər sahibkarlar da əsas narazı fiqura qoşulacaqlar. Görünür, hazırkı icra başçısı heç nədən çəkinmədiyi üçün belə bir addım atır və arxalandığı əsas şəxslər var.
Sumqayıtlılar isə daha sonra deyirlər ki, Eldar Əzizov hələ yenicə başçı təyin olunandan bu gəlirli sahədə gözü vardı. Belə ki, o, pərakəndə ticarətin böyük gəlirlər gətirdiyinin fərqində olub. Lakin birdən hücuma keçmək istəməyib. Əvvəlcə kiçik, daha sonra orta səviyyəli ticarət obyektlərini sıradan çıxaran başçı növbəti addım kimi, iri obyektləri ələ keçirməyə çalışır. Bu da onu deməyə əsas verir ki, Sumqayıtın meri bu prosesdən qələbə ilə çıxarsa, bütün "axın"ları əlində cəmləşdirəcək.
Namiq