Səhhətində problem yaranan gəmi kapitanının köməkçisi dənizdən təxliyə edilib.
Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprelin 6-sı saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Əlif Hacıyev” elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olub.
Qısa müddət ərzində həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində “Astara” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılıb.
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunub.