"Cənab Prezident Paşinyanla görüşə razılıq veribsə, demək ki, bu görüşdə nəyəsə ümid var".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib. Eks-nazir bildirib ki, bu müzakirələrin olması çox vacib və önəmlidir:
"Düşünürəm ki, Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı məsələlər müzakirə ediləcək. Məlum olduğu kimi, Azərbaycan Ermənistan tərəfinə 5 bənddən ibarət sənəd verib. Ermənistan tərəfi bildirib ki, həmin sənəd onları qane edir".
Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq.
Görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir.
Anar Kəlbiyev