Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslə birgə lombard işlədən Mədinə İsrafilova ifadə verib. O bildirib ki, zərərçəkmiş olduğu halda məhkəmədə şahid kimi təqdim olunub. Şahidin sözlərinə görə, sözügedən işdə ən çox zərərçəkən odur.
Daha sonra Maqsud Mahmudov Aslan Qəhramanovdan 120 min manat alması ilə bağlı ifadəyə münasibət bildirib. O deyib ki, həmin vaxt onu Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istəyiblər: "Milli Təhlükəsizlik Nazirliyində məndən bir "Gelandewagen" və 250 min manat istədilər. Bildirdilər ki, əks halda həbs edəcəklər. Mən də Aslandan 120 min manat borc istədim. Aslan dedi ki, obyektim var, onu sat pulu götür. Həmin obyekti 250 minə istədilər. Aslan isə 450 min manata dedi. Sonra dedi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq. Onu da deyim ki, mən keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla uşaqlıqdan bir həyətdə böyümüşəm. Həmişə məndən pul alıb Eldar. İndi istəmirəm ki, məni dələduz kimi tanısınlar. Aslan deyir ki, 110 min ondan pul almışam. Amma elə deyil".
Xatırladaq ki, Maqsud Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.(apa)