Son günlər sosial şəbəkələrdə Birliyin ünvanına əsaslı və ya əsassız şəkildə səsləndirilən fikirlərə verilən reaksiyalar lazımsız fikirlər formalaşdırır.
"Unikal" xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" səhifəsində yazıb.Onun fikrincə, sanki bu reaksiyaların bir əldən, konkret Birlik rəhbərliyi tərəfindən yönləndirildiyi təəssüratı yaranır.
"Birliyin rəhbəri olaraq, hər zaman bəyan etmişəm ki, əgər ədalətsiz tənqidlərin kökündə bir faiz olsa belə həqiqət varsa, məqsəd ittihamlara cavab yox, həmin o bir faizlik həqiqətin təmin edilməsi olmalıdır",- R. Əliyev qeyd edib.
Birliyin rəhbəri əlavə edib ki, muəssisənin inkişafı, etibarı tənqidlərdən nəticə çıxarmaqdan çox asılıdır.
"Bu baxımdan xahiş edirəm, əgər kimlərsə dostluq və ya kimlərsə çalışdığı qurumun mövqeyini müdafiə etmək naminə nəsə etmək istəyirsə, anlayışlı olsunlar. Sosial şəbəkələrdə səsləndirilən problemləri aidiyyati şöbələrə yönləndirsinlər ki, məsələ tez bir zamanda öz həllini tapsın. Ümidvaram ki, yanlış fikirlərin formalaşmaması naminə diqqətli olacağıq", - R. Əliyev bildirib.