Payızlıq əkinlərin bəyanı prosesinin vaxtında həyata keçirilməsi arpa və buğda əkinlərinə görə subsidiyaların ilin əvvəlində verilməsinə imkan yaradır. Ötən ilin sonlarında Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarla birlikdə bu istiqamətdə apardığı maarifləndirmə işləri öz müsbət nəticəsini verib və taxılçı fermerlərin mütləq əksəriyyəti öz əkinlərin vaxtında bəyan edərək, subsidiya almaq üçün elektron müraciət ediblər. Aqrar Kredit və İnkişaf Agentliyi fevral ayından başlayaraq taxıla görə əkin subsidiyalarını fermerlərin kart hesablarına köçürməyə başlayıb. İndiki tarixə torpaq sənədlərində problem olmayan, öz sahələrindən aqrokimyəvi analiz vermiş və əkinlərini aqrar sığorta etdirmiş fermerlərin hamısı subsidiyalarını alıblar.
"Unikal" xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Şəki və İsmayıllıda fermerlərlə keçirilən görüşlərdə deyib. O bildirib ki, subsidiyalarını ala bilməmiş fermerlərin əksəriyyəti torpaq sənədləri natamam olan fermerlərdir. Ölkədə xeyli sayda fermerin torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd yoxdur, bu fermerlər indiyə kimi subsidiya almaq üçün yalnız plan-ölçü sənədləri ilə müraciət edirdilər. Plan-ölçü sənədləri torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd hesab olunmur. Subsidiyaların verilməsi sisteminin elektronlaşdırılması prosesinin yeni başladığını nəzərə alaraq ötən illər ərzində bu kateqoriyadan olan fermerlərə güzəşt edilib və onlara plan ölşü sənədləri əsasında subsidiya almaq imkanı yaradılıb. Eyni zamanda fermerlərə növbəti mövsümədək müvafiq dövlət qurumuna müraciət edərək çıxarış almaq tövsiyə olunub.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 oktyabr, 2021-ci il tarixli Fərmanına əsasən, vətəndaşlar plan-ölçü sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin təqdim edərək heç bir rüsum və xidmət haqqı ödəmədən mülkiyyət hüququnu təqsdiqləyən sənəd (çıxarış) ala bilərlər. Əkinlərin bəyanı üçün son tarixə - dekabrın 30-dək çıxarış almamış vətəndaşların subsidiya almaq üçün elektron müraciəti formalaşmır. Kənd Təsərrüfatı Nazirliyi bu amili nəzərə alaraq həmin kateqoriya fermerlərə öz plan ölçü sənədlərini çıxarışla dəyişərək subsidiya almaq üçün müraciət etmək tarixini mayın 31-dək uzadıb. Plan ölçü sənədləri olan fermerlər o sənədləri müvafiq dövlət qurumuna müraciət edərək çıxarışla əvəzlədikdən sonra yeni sənədi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə alt sənəd kimi daxil edə bilərlər. Yeni çıxarışları sistemə daxil edən fermerlərə iyun ayından başlayaraq 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiya ödəniləcək.
Görüşlərdə bildirilib ki, mayın sonlarından başlayaraq Azərbaycanda taxıl biçininə start veriləcək. Hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir. Taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.
Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Tədbirlərdə Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin nümyandələri, nazirliyin yerli qurumlarının rəhbərləri, suvarma sistemləri idarələrinin nümayəndələri, yerli icra strukturunun rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər.
Analoji formatda görüşlərin qrafik üzrə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.