“Azərsu” ASC-də Azərbaycanda səfərdə olan İsrailin Milli Su Qurumu - “Mekorot” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
"Unikal" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Etibar Məmmədov ölkəmizdə içməli su təchizatı və tullantı sularının axıdılması sahəsində həyata keçirilən layihələr barədə məlumat verib, onların icrasında beynəlxalq maliyyə təşkilatları və şirkətlərlə sıx əməkdaşlıq edildiyini bildirib.
Su sektorunda innovativ texnologiyaların tətbiqi sahəsində İsrail şirkətlərinin böyük təcrübəyə malik olduğunu xatırladan E.Məmmədov ötən müddətdə “Azərsu” mütəxəssislərinin bu ölkədə təşkil olunmuş sərgi və konfranslarda iştirak etdiyini, su texnologiyaları sahəsində müxtəlif şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
“Mekorot”un Direktorlar Şurasının sədr müavini Yızhaq Aharonoviç rəhbərlik etdiyi şirkətin suyun effektiv idarə olunması sahəsində böyük təcrübəyə malik olduğunu bildirib. Qonaq qeyd edib ki, qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına mənfi təsirlərinin müşahidə olunduğu dövrdə sudan səmərəli istifadə məsələsi daha da aktuallaşır və bu sahədə mütərəqqi texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.
Görüşdə içməli su sahəsində ağıllı texnologiyalardan istifadə, dəniz suyunun duzsuzlaşdırılması, su itkilərinin idarə olunması və digər məsələlər üzrə təqdimatlar edilib və müzakirələr aparılıb. “Azərsu” və “Mekorot” şirkəti arasında Anlaşma Memorandumunun imzalanacağına əminlik ifadə olunub.