Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Bakının Nəsimi rayonunda "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla görüş keçirib.
Bu barədə "Unikal"a qurumdan bildirilib.
Məlumata görə, "Azəriqaz”ın Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov aksiya çərçivəsində daxil olan müraciətlərlə bağlı indiyə qədər görülən işlər barədə məlumat verib. Görüşdə İstehsalat Birliyinin rəhbər şəxsləri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.
"Kapital” və "Nəsimi 13” Mənzil Tikinti Kooperativlərinin (MTK) nümayəndələri istehlak olunan təbii qaza görə yaranmış debitor borc səbəbindən qaz təchizatının dayandırılmamasını, ödənişlərin edilməsi üçün onlara möhlət verilməsini xahiş edib. Digər müraciəti isə çörək istehsalı ilə məşğul olan "Nur” MMC-nin nümayəndəsi Nurəddin Məmmədov ünvanlayıb. O, bəzi hallarda qaz təzyiqində azalmaların olduğunu bildirərək, təzyiqin stabil şəkildə tənzimlənməsini xahiş edib. Daxil olan bütün müraciətlərlə bağlı müvafiq izahatlar verilərək, qeydiyyat aparılıb.