Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kinder yumurtalarının satışdan yığışdırılması ilə bağlı sahibkarlara müraciət edib.
Bu barədə "Unikal"-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul - 7 oktyabr 2022-ci il tarixli bəzi məhsullarında salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.
Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı həmin dövrü əhatə edən məhsulların ölkəmizə də idxal olunduğu halları müəyyənləşdirilib. Eyni zamanda Agentliyə 6 aprel tarixində RASFF vasitəsilə (Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla bağlı bildiriş daxil olub.
Ölkəmizə idxalı zamanı bu məhsullarda risk əsaslı nəzarət tədbirləri çərçivəsində aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq, həmçinin salmonella bakteriyasının törədicisi aşkarlanmasa da, “Ferrero” şirkəti tərəfindən həmin partiyaların əsas satış bazarlarından geri çağırılması və məhsulun həssas əhali qrupu tərəfindən istehlak edilməsi nəzərə alınaraq, Agentlik tərəfindən sözügedən dövrü əhatə edən məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı sahibkarlara rəsmi məktublar göndərilib.
AQTA bəyan edir ki, “Ferrero” şirkətinə məxsus son istifadə müddəti 20 aprel - 21 avqust, 11 iyul - 7 oktyabr 2022-ci il tarixli qeyd olunan məhsulların idxalçı şirkətlər tərəfindən geri çağırılması qısa müddətdə təmin olunmalı və bununla bağlı Agentliyə məlumat verilməlidir.
Agentlik qabaqlayıcı tədbirlər çərçivəsində insanların həyat və sağlamlığının qorunması məqsədilə istehlakçıları Belçikada istehsal edilən və son istifadə müddəti yuxarıda qeyd olunan tarixləri əhatə edən bu məhsulları istehlak etməməyə çağırır, həmçinin Belçikada istehsal edilən, son istifadə müddəti həmin dövrə aid olan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.