Sumqayıtda qardaş odlu silahla bacısına xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.

***00:30

Sumqayıtda güllələnmə hadisəsi olub.

"Unikal"  qafqazinfo-ya istinadən xəbər verir ki, Corat qəsəbəsində M.M. bacısı R.Ə.-yə odlu silahdan atəş açıb.

Döş qəfəsi nahiyəsindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

İlkin məlumata görə, hadisə namus üstündə olub. Belə ki, bir müddət əvvəl R.Ə. həyat yoldaşını ataraq başqasına qoşulub qaçıb. Bundan xəbər tutan qardaşı onu öldürmək qərarına gəlib və məlum hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.