Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 30 il əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb.
"Unikal" xəbər verir ki, videomaterialda Ağdaban sakinləri şahidi olduqları faciə haqqında məlumat verib, ermənilərin qadın, qoca və azyaşlıları belə amansızlıqla qətlə yetirdiyi haqqında danışıb.
İnfoqrafikada isə Ağdaban kəndinin ərazisi, əhalisi və onların əsas məşğulluğu haqqında məlumat verilib. Eyni zamanda, kəndin işğalı nəticəsində törədilən cinayətlərin statistikası və maddi-mədəni irsə vurulan ziyan haqqında informasiya yerləşdirilib.
Qeyd edək ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində faciə törədilib. Dinc əhaliyə qarşı törədilən faciə zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 – 100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 5 nəfər girov götürülüb. 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 130-dan çox ev tamamilə yandırılıb.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.