Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 55, mənzil 38-də yaşayan Rəcəbəliyev Amil Şamil oğlu daxili işlər naziri Vilayət Eyvazova ərizə ilə müraciət edib.
"Unikal"ın məlumatına görə, o müraciətində bildirib ki, 02 dekabr 2019-cu ildən "Çinar Avtoparking" MMC-nin 127-ci sektor rəisi vəzifəsində işləyir. Onun sözlərinə görə, xidmət etdiyi ərazi Bakı şəhərinin Xətai rayonunda yerləşir.
"Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Xətai rayon Bələdiyyəsi ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstəririk. Belə ki, aramızda olan razılığa əsasən, hər ay xidmət zamanı yığılmış vəsaitdən pul ödəyirik. Eyni zamanda, sektorumuzda fəaliyyət göstərən işçilərə əmək haqqı, sosial müdafiə fonduna və vergiyə ƏDV, mənfəət vergisi ödəyirik. 01.04.2022-ci il tarixdə Xətai rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə, polis əməkdaşları tərəfindən fəaliyyətimizə qeyri-qanuni müdaxilələr olub. Xidmət göstərən işçilərimiz dəfələrlə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə, qanunsuz küçə ticarəti aparmaqla bağlı protokollar tərtib olunub. İşçilərimiz bir neçə saat polis şöbəsində saxlanılıb. Həmçinin, 80 manat cərimə olunublar. Həmin işçilər tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə müraciət edilərək xahiş olunub ki, yuxarıda göstərilən qanun pozuntularına yol vermiş polis əməkdaşları barəsində araşdırma aparıb qanuni tədbir görülsün", - deyə A.Rəcəbəliyev ərizəsində bildirib.
Həmin MMC ilə əmək müqaviləsi bağlayaraq fəaliyyət göstərən Etibar Məmmədov, Sərraf Abdullayev, Elvin Quliyev, Ehtibar Cavadov, Şamxal Qəhrəmanov və Təhməz Mütəllimov isə Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılova şikayət ərizəsi ilə müraciət ediblər.
Onların hər biri şikayətlərində bildiriblər ki, "Çinar Parkinq" MMC-də Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlayaraq fəaliyyət göstəriblər və müəyyən edilmiş vergiləri ödəməklə əmək haqqı alırlar.
"Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları bizim fəaliyyətimizə maneələr yaradaraq işə gələn kimi, guya, qanunsuz xidmət göstərdiyimizə görə məcburi polis şöbəsinə apararaq orada bir neçə saat saxlayandan sonra protokol tərtib edərək cərimə olunmağımıza dair qərar qəbul ediblər. Protokol yazarkən sahə müvəkkilinə bildirdik ki, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində göstərilir ki, qanunsuz küçə ticarəti, yəni, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi inzibati məsuliyyət yaradır. Biz, bələdiyyə ərazisində qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilmiş yerdə fəaliyyət göstəririk. Polis əməkdaşları isə buna heç bir əhəmiyyət verməyərək, bizi bölmədə qanunsuz olaraq saxlamaqla hüquqlarımızı pozublar. Sizdən xahiş edirik ki, araşdırma apararaq bizi qanunsuz cərimə edən şəxslər barəsində tədbir görülməsi üçün göstəriş verəsiniz", - deyə MMC-nin əməkdaşları bildiriblər.
Şikayətçilər onu da bildirirlər ki, polis rəisi və onun Samir adlı müavini onların sərbəst fəaliyyətinə imkan vermirlər, bunun yalnız hansısa “razılaşma” əsasında mümkün olduğunu deyirlər: "Belə çıxır ki, orada fəaliyyət göstərmək üçün ortaq işləməliyik. Onu da qeyd edək ki, sözügedən ərazidə xidmət aparan polis əməkdaşlarının qanunsuz fəaliyyətləri ilə bağlı müxtəlif faktlar var. Zərurət yarandığı təqdirdə onları da aidiyyatı üzrə təqdim edə bilərik".
Anar Kəlbiyev