İməclik Gəncə Şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı, Gəncə İctimai İştirakçılıq Məclisinin iştirakı ilə baş tutub. İşlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.
"Unikal" xəbər verir ki, iməclikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, QMİ-nin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Gəncə İctimai İştirakçılıq Məclisinin idarə heyətinin sədri Müzadil Həsənov, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
İməcilik zamanı “İmamzadə” Dini Kompleksinin ətrafında yerləşən qəbirstanlıqda təmizlik və abadlıq işləri həyata keçirlib. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, şəhərin müxtəlif ərazilərində bu tip iməcliklərin təşkili bundan sonra da davam etdiriləcəkdir. Sakinlərdən sözügedən mövzuda həssaslıq nümayiş etdirmələri və şəhər ərazisində təmizliyə riayət etmələri xahiş olunur.