2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Aprel döyüşlərindən 6 il ötür. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəlib. Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun da xatirəsi hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən anım və doğum günlərində dərin ehtiramla yad olunur.
"Unikal" xəbər verir ki, aprelin 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində olub, igid Vətən oğlunun ildönümü münasibətilə məzarını ziyarət edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və şəhidimizin ailə üzvləri ilə birlikdə məzarı üstünə tər qərənfillər düzərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra icra başçısı onun büyüyüb boya-başa çatdığı ata ocağına gəlib, igid Vətən oğlu haqqında ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün şəhid Elvin Namazovun uca bir məqama - Şəhidlik zirvəsinə ucalmasından 6 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov elə bir şanlı yol keçib ki, başda ölkə rəhbəri olmaqla, hər bir azərbaycanlı onunla fəxr edib, qürur duyur.
Rayon rəhbəri Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı nailiyyətlərdən də söz açıb. Rayon rəhbəri tarixi qələbəmizin əldə olunmasında 2016-cı ilin Aprel döyüşlərinin mühüm əhəmiyyəti olduğunu, “Dəmir yumruğ”un ilk zərbəsinin məhz həmin döyüş zamanı vurulduğunu qeyd edib. İcra başçısı illər ötsə belə xalqımızın bizi Qarabağda böyük qələbəmizə aparan şanlı Aprel döyüşlərini, İyul döyüşlərini, Vətən müharibəsini və həmin döyüşləri tarixə yazdıran Elvin Namazov kimi oğulları unutmayacağını bildirib. Elvin kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunun böyüməkdə olan gənclərimizə hər zaman örnək olduğunu vurğulayıb.
Şəhid atası Məmməd Namazov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi qələbədən söz açan şəhid atası oğlu Elvinin, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhunun şad olduğunu bildirib.
Həmçinin, ötən gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Orxan Əliyevin şəhadətinin 6-cı ildönümü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və şəhidimizin ailə üzvləri ilə birlikdə məzarını ziyarət edib, məzarı üstünə tər qərənfillər düzərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıb. Şəhidimizin məzarı önündə ruhuna dua oxunub.
İcra başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə bildirib ki, bu gün Aprel döyüşlərindən 6 il ötsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımız daha da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan rayon rəhbəri Aprel döyüşlərinin dünya ictimaiyyətinə öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatını alt-üst etdiyini bir daha dilə gətirib. Rayon rəhbəri qeyd edib ki, Aprel döyüşlərində Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın işğal olunmuş torpaqlarının bir qarışı olsa belə heç zaman güzəştə getməyəcəyini və öz ərazi bütövlüyünü təmin edəcəyini anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi Qələbə ilə bunu bir daha sübut etdi. “Qarabağ Azərbaycandır!” - deyərək döyüşə atılan igid Vətən oğulları torpaqlarımızı düşməndən azad etməklə, həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı. 6 il əvvəl Lələtəpədə dalğalanan bayraq artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvəyə sancılıb.
Qazax rayonunda gənclər arasında vətənpərvərlik hissinin hər zaman yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, bu gün qazaxlılar 7 Milli Qəhrəmanı, Aprel şəhidləri, İyul döyüşlərinin qəhrəmanları, Vətən müharibəsi şəhidləri, eləcə də bütün şəhidləri ilə qürur duyur, fəxr edir. Rayon rəhbəri bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin təkcə Qazaxın deyil, eyni zamanda, bütün Azərbaycann fəxri olduqlarını qeyd edib.
Şəhidimizin atası Məhəmməd Əliyev şəhidlərə, şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb. “Bu gün övladım Orxanın, eləcə də bütün şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin qisası alınıb, torpaqlarımız azad edilib və o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Buna görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarıq”, - deyən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.