Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 8-də Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qərb RETSİ-nin Gəncə şəhərində yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.