Qüdrət Həsənquliyevdən İqbal Ağazadəyə “Rusiyanın adamı” ittihamı


Parlamentin 22 fevral iclasında danışan müxalif deputat İqbal Ağazadə Türkiyə prezidenti Abdulla Gülün ermənistanlı həmkarı Serj Sərkisyanı təbrik etməsinə görə tənqid olunmasına toxunub.

"Media forum" saytının məlumatına görə, İqbal Ağazadə deyib ki, Türkiyənin Cənubi Qafqaza daxil olması Azərbaycanın əleyhinə deyil, xeyrinədir: “Məsələlərə emosiya ilə deyil, siyasi proseslər və regionda baş verən hadisələr kontekstindən yanaşmaq lazımdır. Bu halda hadisələrə düzgün yanaşmaq olur. Biz istəyirik ki, regionda yalnız Rusiya qalsın? Cənubi Qafqazda qapalı bir region yaradaq və burada bütün dövlətlərin geri çəkilməsini istəyək ki, yalnız Rusiya qalsın? Hegemon qüvvə kimi münaqişələri ildarə etsin, istədiyi vaxtda Cənubi Qafqazda yeni münaqişələr yaratsın?

Türkiyənin bütün gücü ilə Cənubi Qafqaz regionuna daxil olmasına dəstək vermək lazımdır. Türkiyə Cənubi Qafqaza daxil olmaq istəyən zaman Azərbaycanda bir qrup vətənşivən düşür ortalığa, sanki Rusiyanın sifarişini yerinə yetirirlər. Ay qoymayın, Türkiyə regiona girir! Türkiyə regiona niyə girməsin?”

Deputat Qüdrət Həsənquliyev İqbal Ağazadənin çıxışına belə reaksiya verib: “Ayaz Mütəllibovun bir zaman Rusiyaya göndərdiyi bir şəxsin belə çıxış etməsi təəccüblüdür, indi Türkiyənin müdafiəçisi kimi çıxış edir. Mən Türkiyə-Azərbaycan münasibətlərinin inikşafına həmişə tərəfdar olmuşam”.