Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası açıqlanıb.
"Unikal" xəbər verir ki, bu sənəd “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Sənəd Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.
Mənzillərin satışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Fərmanın 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla, satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirməklə ictimaiyyətə açıqlayır.