"Müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər müraciətlərində bildiriblər ki, iqtisadi vəziyyətləri çox çətindir. İndiki gediş haqqı qiyməti onları maliyyələşdirə bilmir".
Bunu "Unikal"a açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, şirkətlərin təklifləri yalnız sərnişinlərin ödədiyi gediş haqqının artırılması ilə bağlı deyil.
"Hazırda səsrnişinlərin ödədiyi gediş haqqı 30 qəpikdir. Onlar qeyd edirlər ki, sərnişindaşımada normal fəaliyyət göstərmək üçün dövlətdən əlavə dəstək verilsin. Məsələn, 20 qəpiyini də dövlət versin. Dünayada buna oxşar hallar var. Düşünürəm ki, sərnişinlərin ödədiyi gediş haqqının artırılması zəruri deyil, buna ehtiyac yoxdur. Hazırda bir çox məhsulların qiyməti artır və sosial həssas məsələlərdən biri olan ictimai nəqliyyatda gediş haqqının artırılması insanların sosial vəziyyətinə bir az da təsir edəcək. Gündəlik avtobusdan istifadə edən şəxslər varki ay ərzində 50-100 manat nəqliyyat xərci var. Qiymətin qalxması onu bir az da artıracaq. Yaxşı olar ki, qiymət artırılmasın".
Ə.Hüseynov hesab edir ki, yaxın vaxtlarda sərnişinlərin ödədiyi gediş haqqı artırılmayacaq:
"Özəl daşıyıcı şirkətlərə ciddi dövlət dəstəyi lazımdır. O baxımdan ki, ictimai nəqliyyat sektoru bərbad vəziyyətdədir. Belə getsə, çökəcək. Bir çox ölkələrdə ictimai nəqliyyata dövlət dəstəyi var. Bu sahədə audit həyata keçirilə bilər. Ondan sonra müəyyən olunsun ki, sərnişin daşımanın maya dəyəri nə qədərdir. Audit nəticəsində müəyyən edilə bilər ki, dövlət nə qədər yardım etməlidir. Bu sahədə müxtəlif mexanizmlər var və onlardan birini tətbiq edib, bu sahənin inkişafını davam etdirmək lazımdır. Dövlət dəstəyi olmasa, çətin olacaq. Əgər, sərnişinlərin ödədiyi gediş haqqı artırılarsa, insanların ictimai nəqliyyatdan istifadəsi bir az da azalacaq. Bu da taksilərin və fərdi avtomobillərin sayının artmasına səbəb olacaq. Nəticədə, yollarda tıxac bi qədər də artacaq".
Qeyd edək ki, Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb.
Anar Kəlbiyev