Azərbaycan Dillər Universitetində (ADU) Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi natiqlik müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Litvanın Azərbaycandakı səfiri Daynis Qarançs, Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş, universitetin prorektorları və başqaları iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla təşkil olunmuş müsabiqənin tələbələrin həyatındakı əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, fransız dili ADU-da böyük uğurla tədris olunur, bu ölkənin mədəniyyətinə, tarixinə maraq böyükdür: “Fransız dilinin yüksək nüfuza malik olması bizi Fransaya, Avropa mədəniyyətinə daha da yaxınlaşdırır. Fransız dilinə olan bu sevgi fransız ədəbiyyatı və mədəniyyətinə olan sevgi ilə bir yerdədir. Əlbəttə, biz universitet olaraq fransız dilinin inkişafı üçün bundan sonra da vacib addımlar atacağıq. Təşkil olunmuş bu müsabiqə tələbələrin təhsil həyatı üçün unudulmaz təcrübə və imkan olacaq”.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros natiqlik müsabiqənin təşkilindəki roluna görə ADU-nun rəhbərliyinə və kollektivinə təşəkkür edib, ali təhsil ocağının fransız dilinin tədrisindəki uğurlarını yüksək qiymətləndirib. Qeyd olunub ki, Fransanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Dillər Universiteti arasında sıx əməkdaşlıq mövcuddur və bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək.
Litvanın Azərbaycandakı səfiri Daynis Qarançs, Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş natiqlik müsabisi haqqında fikirlərini bölüşüb, tələbələrə uğurlar arzu ediblər.
Daha sonra ADU-nun tələbələri fransız dilində müxtəlif mövzular üzrə çıxış ediblər.
Seçimə əsasən qalib ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Hənifə Əhmədova olub. Müsabiqə qaydalarına görə, o, 2022-ci ilin yayında Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkəyə səyahət edəcək. ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə digər yüksək nəticə göstərmiş iştirakçı – Filologiya fakültəsinin tələbəsi Nəzrin Mehdiyeva isə universitetin hesabına Fransaya səhayət imkanı qazanıb. Onlar dil mərkəzlərinin dərslərində iştirak edəcək, fransız ailəsinin qonağı olacaqlar.