Füzuli rayonuna yeni beton kanallar çəkilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Füzuli rayonunda əkin sahələrininin suvarma suyu ilə təminatı, o cümlədən su itkisinin minimuma endirilməsi istiqamətində mütəmadi işlər davam edir. Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən kanallar lildən təmizlənir, beton üzlüyə alınır və yeni nov kanallar çəkilir. Suvarma üçün balansda olan 54 ədəd nasos stansiyadan, 745 km olan suvarma arx və kanallardan istifadə olunur. Bu il istismar tədbirləri planına uyğun olaraq 324 km kanalın lildən təmizlənməsi planlaşdırılıb, hal-hazıra kimi artıq 68 km hissəsi lildən təmizlənib. Bundan başqa 626 km uzunluğunda nasos stansiyaların qapalı şəbəkəsində cari təmirə ehtiyacı olan boru kəmərləri və üzərindəki hidro texniki qurğular təmir olunaraq işlək vəziyyətə gətirilib. Bu il ümumi uzunluğu 261 km olan kollektor-drenaj şəbəkəsindən 40 km hissəsinin də lildən təmizlənməsi nəzərdə tutulub ki, artıq şəbəkənin 13 km-dən artıq hissəsi lildən təmizlənib.
Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il əsaslı təmir işləri çərçivəsində torpaq məcralı kanallar beton kanallarla əvəzlənib. Bu kanallardan biri də Qurultay kanalıdır ki, həmin kanalın 1000 metri ötən il betonlanıb. Növbəti illərdə də həmin kanalın yerdə qalan hissəsi beton üzlüyə alınacaq. Bunun nəticəsində 600 hektar əkin sahələrinin su təminatı yaxşılaşacaq. Bundan başqa idarənin balansında olan 1-aqreqatlı Haramı-16 nasos stansiyası da əsaslı təmir olunub. Nasos stansiya vasitəsi ilə 118 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. İdarənin balansında olan 181 ədəd subartezian quyularından suvarma mövsümünün təşkili məqsədi ilə indiyə kimi 3 ədədində cari təmir işləri aparılaraq saz vəziyyətə gətirilib.
Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsi rayon ərazisində 27200 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Bu sahələrdə hər il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir.