Aprelin 8-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr qeyd edib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2654 nəfər tələbə bu təqaüddən yararlanıb: “Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcəkdir. Bu təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Qeyd edim ki, tələbələrə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı təşkil etdiyi tədbirlərdən birini təşkil edir. Hər il gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtını səmərəli keçirmək, pis vərdişlərdən uzaq olmaq, elmə, təhsilə maraq yaratmaq, dövlətimiz tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinə dəstək olmaqdır”.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışan S.Möhbalıyev bildirib ki, ölkədə gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu siyasət geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev və Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti gənclərin potensial imkanlarından səmərəli istifadə etməklə ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır. Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Çoxsaylı sərəncamlar imzalandı. Buna misal olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar. Bundan başqa Prezident İlham Əliyevin sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 15 sentyabr 2017-ci ildə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul olundu. Həmçinin 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olundu ki, bu da respublikamızın gənclər siyasəti və ümumilikdə gənclərin ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verdi, Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoydu”.
2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin inkişafına istiqamətlənmiş daha bir sənədə imza atılmasını, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın qəbul olunmasını xatırladan S.Möhbalıyev qeyd edib ki, bu proqramın icrası nəticəsində gənclərimizin inkişafı təmin ediləcək: “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmış bu Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Bu Dövlət Proqramının icrası müddətində ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Ümumiyyətlə gənclərlə bağlı bu addımların atılmasında əsas məqsəd müasir, müstəqil Azərbaycanın inkişafında gənclərin potensialından səmərəli istifadə etməkdir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir”.
S.Möhbalıyev əlavə edib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır: “Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Biz 44 günlük Vətən Müharibəsində bunun əyani şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. İnanırıq ki, Azərbaycanda uğurlu gənclər siyasəti bundan sonra da davam etdiriləcək, gənclərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər. Bir daha hər birinizi təbrik edir, təhsilinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram”.
Sonra 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 65 nəfər ali məktəb tələbələrinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.
Tədbirdə çıxış edən tələbələr göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.