Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Xarici İşlər Nazirliyi və ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışan diplomatlar, həmçinin digər dövlət qurumlarında çalışan dövlət qulluqçularına mühazirə deyib.
"Unikal" xəbər verir ki, “Xarici Siyasət proqramı” ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilib. Fuad Hüseynov tədbirdə “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda çıxış edib.
Dövlət Komitəsinin sədr müavini Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, deportasiya və işğalçılıq siyasəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində minlərlə soydaşımız uzun illər ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib və nəzərə çatdırılıb ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli dövlətimizin başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara xüsusi qayğı və diqqət göstərir.
Tədbir iştirakçılarına 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazandığımız Zəfərdən sonra yaranan yeni reallıqlar haqqında geniş məlumat verilib. Bildirilib ki, Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafına dair əsas strateji prioritetlərdən biri olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi haqqında məlumat verilib. Eyni zamanda nəzərə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.
Bildirilib ki, Azərbaycan dövləti post münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və "Böyük Qayıdış” proqramının tam olaraq icra edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifədir. Beləliklə məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququ təmin ediləcək.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.