Azərbaycan Dillər Universitetində (ADU) 2018-ci il aprelin 11-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinə həsr olunmuş “Azərbaycanı zəfərə aparan Lider” mövzusunda konfrans keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü professor Elman Nəsirov, Milli Məclisin deputatı, ADU-nun prorektoru Tamam Cəfərova, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Vüqar İsgəndərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digər qonaqlar iştirak edib.
ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövləti, xalqı Zəfərə aparan lider olduğunu qeyd edib:
“Bu gün Azərbaycan özünün ən güclü, ən inamlı və ən uğurlu illərini yaşayır. 44 gün davam edən Zəfər salnaməmizlə Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq. Dünyanın son dərəcə qarışıq bir dövründə bu işi bacarmaq asan məsələ deyildi. Biz bunu bacardıq, Ali Baş Komandan İlham Əliyevin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində, xalq olaraq yumruq kimi birləşib böyük tarixi qələbəmizə imza atdıq. Cənab Prezident uzaqgörən siyasəti, müdrik addımları və cəsarətli qərarları ilə Azərbaycanı daha da gücləndirdi, Azərbaycanın haqq işini bütün dünyaya çatdıra bildi. Ali Baş Komandan sübut etdi ki, o, xalqın yanındadır və xalq da hər zaman onun yanındadır”.
Milli Məclisin üzvü, professor Elman Nəsirov tədbirin əhəmiyyətindən danışıb, “Müzəffər Prezident və onun xarici siyasət doktrinası” mövzusunda çıxış edib. Millət vəkili Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini və Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açmaq üçün daim beynəlxalq tribunalardan maksimum istifadə edib:
“Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 4 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir.”
Milli Məclisin üzvü Vüqar İsgəndərov gənclərin idarəetmədə rolundan danışıb, “Prezident İlham Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edib. Qeyd olunub ki, gənclərin savadlı, bilikli və peşəkar olması Azərbaycanın inkişafı deməkdir:
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu Öndər Heydər Əliyev bu fikirləri xalqımızın gələcəyi olan gənclərimiz üçün səsləndirmişdir. Ulu Öndərin gənclər siyasətini bu gün də uğurla davam etdirən cənab Prezident İlham Əliyev gənclərin maariflənməsi, inkişafı üçün böyük addımlar atmışdır. Cənab Prezidentin fəaliyyətində gənclər siyasəti əsas prioritetlərdən biridir. İlham Əliyevin gənclərə olan diqqəti hər zaman göz önündədir”.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov “Yeni Azərbaycan Partiyasının 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində rolu” mövzusunda çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qorudu, yeni Azərbaycan daha güclü və daha qüdrətli oldu. Bu gün onun siyasətini uğurla davam etdirən Cənab Prezident Azərbaycanı qalib xalq kimi dünyaya tanıtdı. Qeyd olunub ki, xalqımız hər zaman dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşib:
“Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub”.
ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Azərbaycanın yaratdığı yeni iqtisadi reallıqlar: Cənub Qaz Dəhlizi” mövzusunda çıxış edərək Azərbaycanın beynəlxalq aləmdə iqtisadi uğurlarından danışıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dünya miqyaslı iqtisadi layihələrin Azərbaycanı güclü bir dövlətə çevirdiyi vurğulanıb. Qeyd olunub ki, beynəlxalq layihələr Azərbaycanı güc mərkəzi kimi qəbul olunmasına şərait yaradıb və bütün bunlar məhz Cənab Prezidentin müdrik siyasətinin nəticəsində baş verib.
“Azərbaycançılıq ideologiyasının gəncliyin formalaşmasında rolu” mövzusunda çıxış edən ADU Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli Azərbaycançılıq ideologiyasından, xalqın bu dövlət ideologiyası ətrafında birləşməsindən, dövlət ideologiyasının gəncliyin formalaşmasındakı rolundan, dövlətin gənclərə olan qayğısından danışıb. Gənclərin daima dövlətin yanında olduğunu və Azərbaycanın inkişafı üçün bütün gənclərin səfərbər olduğunu bildirib.