Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə cənab Prezidentin səsləndirdiyi fikirlər sosial-iqtisadi vəziyyət və perspektivlərlə, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə-nizam-intizamının təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi, işğaldan azad olunmuş ərazilərdəki vəziyyət və fəaliyyətlə, ölkəmizin xarici siyasəti ilə bağlı strateji hədəflətinə eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir daha işıq saldı.
Prezident İlham Əliyev növbəti dəfə nümayiş etdirdi ki, vətəndaşın rifahının yüksək təmin olunması onun fəaliyyətinin mərkəzində dayanır. Prezidentin strateji yanaşması məhz ondan ibarətdir ki, xarici siyasətin keçərli olması, tam müstəqil siyasət yürütmək imkanlarının genişləndirilməsi hər şeydən öncə iqtisadi müstəqillikdən asılıdır. Müşavirədə də qeyd olunduğu kimi postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran vəzifələr icra edilmişdir. Cari ilin birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır. Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa nəzər salsaq Azərbaycanın ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik. Bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir.
2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müşavirədə birinci rübün yekunlarına istinadən bildirmişdir ki, “Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Eyni zamanda, toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər. Hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır.
Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bu səbəbdən ərzaqlıq buğda ilə təminatımız diqqət mərkəzində olmalıdır.” Bir sözlə, hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız bütün planların real həyatda öz əksini tapacağına əmindir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov